Muzey tarixi-mədəni irsimizi qoruyub saxlayan məkandır
05 Sep 2022
1986-cı ildə əsası qoyulan ikimərtəbəli muzeydə yenidənqurma, bədii tərtibat işlərinə dair interyer və qrafik dizayn konseptləri icra olunmuşdur. Tərəfimizdən muzeyin loqotipi ərsəyə gətirilmiş, ümumi interyerə uyğun kafe, fəaliyyətə uyğun isə uşaq otağı dizaynı həyata keçirilmişdir.
Zallardan birinin dizaynında Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin xatirəsinə istinad edilərək onun həyat, fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, əşyalar, fotolar və digər unikal eksponatlar sərgilənir. İnteraktiv formada ən son texnoloji imkanlarla təchiz edilərək dizayn olunan protokol zalında yubiley sərgiləri, xatirə gecələri, tədbirlər və s. həyata keçirilir. Həmçinin Heydər Əliyev və İlham Əliyevin muzeylərə səfərlərinin tarixi xronologiyasının olduğu fotostendlər nümayiş olunur.
Azərbaycan opera müğənnisi Lütfiyar İmanov xatirəsinin əbədiləşdirildiyi zalda onun şəxsi əşyaları, həyat və fəaliyyətinin qısa icmalına dair guşə yaradılmış, səmərəli yaradıcı işini təsdiq edən yazılar əks olunmuşdur. Böyük Qayıdış zalında I və II Qarabağ müharibəsi illərinə dair fotostendlər ekspozisiya edilir.
Nadir şaha istinad olunan zal isə onun tacqoyma mərasiminin (1736-cı il) keçirildiyi məkan kimi yaddaşlarda qalan Sabirabadın tarixiliyini özündə yaşadır. Muzeyin zallarından biri Sabirabadın ən qədim dövrlərdən başlamış son zamanlara qədərki dövrünün tarixi, arxeoloji tapıntı və etnoqrafik nümunələri ilə zəngindir.
Zallar arasına keçid öz interyer dizaynı ilə fərqlənir. Belə ki, burada fotoqraf Sergey Prokudin Qorskinin 1912-ci illərdə yaşamış Azərbaycan əhalisinin təsərrüfatını lentə aldığı kadrlar təqdim olunmuşdur.
Modernliklə tarixiliyin, keçmişlə gələcəyin ahəngi muzeydə tətbiq edilən yaradıcı üsullarda özünü göstərir.